Buzlu şüşə ağciyərin xroniki xəstəlikləri və ürək-damar problemləri zamanı görünür
Bakı, 14 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Buzlu şüşə anlayışını COVID-19 pandemiyası zamanı daha çox insan eşitdi. Xəstəliyin belə adlandırılmasının səbəbi rentgoloji göstəricidə ağciyərdə kölgələnmə və buluda bənzər dumanın olmasıdır.
Bunu AZƏRTAC-ın suallarını cavablandıran 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib.
Mütəxəssisin sözlərinə görə, buzlu şüşə pandemiya dövründə yaranan yeni xəstəlik deyil, ağciyərin xroniki xəstəlikləri və ürək-damar problemlərində də görünür. Hətta bəzən KT müayinəsi zamanı nəfəsalma aktı düzgün aparılmadıqda müşahidə edilə bilər: “Qeyri-düzgün KT çəkilişi zamanı buzlu şüşənin görülməsi fizioloji haldır. Lakin əsl buzlu şüşə xəstəliyi ağciyərdə iltihab zamanı, xəstəliyin 3-cü və 4-cü mərhələsində yaranır. İmmun sisteminin vəziyyətindən asılı olaraq bəzi hallarda 2-3 aydan sonra tam sağalır. Xəstəliyin uzunmüddətli gedişatı olarsa, bu haldan sağalan şəxslərdə həyat fəaliyyəti zəifləyir, bəzən əlillik dərəcəsinə qədər düşür. Güclü külək qasırğası olan bölgələrdə xəstəliyə yoluxma sayında artım müşahidə edilir. Buna səbəb qasırğaların içində olan mikrobakteriyalardır”.
Havaların soyuması ilə əlaqədar olaraq ağciyər xəstəliklərinə və kəskin respirator viruslarına yoluxma sayında artım müşahidə edildiyini diqqətə çatdıran həkim-ftiziatr deyib: “Bu xəstəliklərdən qorunmaq üçün immun sistemini möhkəmləndirmək, yuxu rejiminə riayət etmək, düzgün və keyfiyyətli qidalanmaq, pis vərdişlərdən uzaq durmaq, idmanla məşğul olmaq, sanitariya-gigiyena qaydalarına əməl etmək məsləhətlidir. Respirator xəstəliklər hava-damcı üsulu ilə yayılır. Hava-damcı üsulu ilə yayılan xəstəliklərdən qorunmağın əsas yolu əhalinin sıx olduğu yerlərdə və qapalı məkanlarda maskadan istifadə etməkdir”.