Buzovnada Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Buzovnada Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları arasında Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 120 nömrəli tam orta məktəbin komandası birinci olub. 121 nömrəli tam orta məktəb yarışı ikinci, 136 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.
Mükafatçılar Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.