Cahid Mikayılov: Azərbaycanda 10 şəhər “Merlər Razılaşması Təşəbbüsü”nə qoşulub VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Yerli icra orqanları, bələdiyyələr enerji səmərəliliyi və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində həlledici rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov “Merlər Razılaşması Təşəbbüsü” tədbirində çıxışı zamanı bildirib.
C.Mikayılov vurğulayıb ki, “Merlər Razılaşması Təşəbbüsü” bələdiyyələr üçün enerji səmərəliliyi tədbirlərinin sistemli planlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, istixana effekti yaradan qaz emissiyalarının azaldılması və iqlim dayanıqlığının artırılması baxımından mühüm platformadır.
“Hazırda Azərbaycanda 10-dan çox şəhər bu təşəbbüsə qoşulub və bir sıra bələdiyyələr artıq fəaliyyət planlarını hazırlayıb.
Nazirlik rəsmisi Enerji Səmərəliliyi Fondunun təsis edilməsini enerji səmərəliliyi bazarının formalaşması istiqamətində mühüm addım kimi qiymətləndirib, eyni zamanda, enerji auditorlarına və enerji menecerlərinə marağın artdığını vurğulayıb.
Cahid Mikayılov enerji səmərəliliyində davranış dəyişikliyi və ictimai maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan” kampaniyası barədə məlumat verib. Bildirilib ki, kampaniya çərçivəsində sadə, gündəlik vərdişlər vasitəsilə enerji qənaətinin təşviqi həyata keçirilir və təşəbbüs artıq geniş ictimai dəstək qazanıb.
Nazirlik rəsmisi bələdiyyələri və yerli qurumları bu kampaniyaya qoşulmağa çağıraraq, yerli səviyyədə maarifləndirmə tədbirlərinin daha geniş təsir imkanlarına malik olduğunu bildirib.