CAVAXETİDƏ ERMƏNİ İDDİALARI
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən məlum hadisələrdən təqribən bir həftə sonra Axalkalaki qəsəbəsində Akop Manukyan adlı birisinin evində bir qrup erməni toplaşıb “Cavaxk” adlı komitə (ermənilərin fikrincə, bu bölgənin qədim erməni adı belədir) yaradırlar. İlk vaxtlar onlar həmin komitənin “qarabağlı qardaşlara maddi yardım göstərmək” məqsədi ilə yaradıldığını bəyan etmişlər. Təqribən iki aydan sonra komitə böyüyüb “Cavaxk” xalq hərəkatına çevrilir və 1990-cı il yanvarın 27-də Axalkalakidə keçirilən ilk konfransda şura yaradılır. Bundan sonra hərəkatın fəaliyyəti daha da genişlənir, Qarabağa “yardımla” yanaşı, Gürcüstanın daxili işlərinə də müdaxiləyə də cəhd göstərir. “Erməni kilsələrinin, erməni mədəni abidələrinin qaytarılması və bərpası”, “orta əsrlər erməni memarlıq abidələrinin kütləvi surətdə gürcüləşdirilməsinin qarşısının alınması” yönümündə işlərə başlanılır. Getdikcə fəallaşan “Cavaxk” Gürcüstanın o dövrki iqtidarını təşvişə salır. “Gürcüstan gürcülər üçündür” şüarı ilə hakimiyyətə gələn Zviad Qamsaxurdiya 1991-ci il noyabrın 11-də “Cavaxk”ın lideri Samvel Petrosyanı Axalkalaki rayonunun icra başçısı təyin etmək məcburiyyətində qalır.
Hadisələrin bu cür inkişafı “Cavaxk”i ruhlandırır, nəticədə Ninosminda, Axalkalaki və Axalsixe rayonlarının erməni əhalisi Gürcüstanın tərkibində onlara muxtariyyət verilməsini tələb edir.
Rusiyanın Gürcüstandakı iki hərbi bazasından biri Axalkalakidədir. Onun çıxarılması barədə məsələ qaldırılan kimi yerli əhali narazılıq edir və əksəriyyət həmin bazada işlədiyini bildirir. Bəziləri isə bazanın onları guya Türkiyədən qoruduğunu söyləyirlər. Yerli ermənilər XX əsrin ortalarında Stalinin əmri ilə yurd-yuvasından sürgün edilmiş Mesxeti türklərinin geri qaytarılmasına da razılıq vermirlər. Xatırladaq ki, Avropa Şurasına qəbul olunarkən Gürcüstanın götürdüyü öhdəliklərdən biri Mesxeti türklərinin vətənə qaytarılması ilə bağlıdır.
Cavaxeti erməniləri ölkədə prezidentin səlahiyyətlərini icra edən Nino Burcanadzeyə ünvanladıqları müraciətdə bildirirlər ki, Gürcüstanın böhrandan çıxarılmasının ən etibarlı yollarından biri Samtsxe-Cavaxeti bölgəsinin sərhədinin dəqiqləşdirilməsi və ona muxtariyyət statusu verilməsidir.