MƏDƏNİYYƏT
“CawaMedia” agentliyi Qəbələyə məqalə həsr edib
![“CawaMedia” agentliyi Qəbələyə məqalə həsr edib](/files/2024/1/1200x630/17055599916001020855_1200x630.jpg)
Stokholm, 18 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən “CawaMedia” agentliyi Azərbaycanın incisi Qəbələyə məqalə həsr edib.
AZƏRTAC xəbər verir ki, “CawaMedia” dünyanın bir çox ölkələrindəki agentliklər, KİV-lər və tanınmış fotojurnalistlərlə əməkdaşlıq edir.
Məqalədə Qəbələnin qədim tarixindən bəhs edilir, onun füsunkar təbiəti, bəzi ağaclarının hətta 500 il yaşında olduğu şabalıd bağları təsvir olunur. Bu ağacların bəziləri dövlət tərəfindən mühafizə edilən təbiət abidələri siyahısına daxil edilib. Məqalədə Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü dağı, habelə Cümə və Hacı Qərib məscidləri, Böyük Əmili və Nic kəndindəki alban kilsələri, Şıx Baba piri haqqında məlumat verilib.
Məqalənin müəllifi arxeoloqların Nic kəndi yaxınlığındakı Yalovlu dağında aşkar etdikləri qədim insanların yaşayış məskəni barədə də bəhs edib. Burada tapılan arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal bölgəsi üçün xarakterikdir və elmi ədəbiyyatda “Yalovlu təpə mədəniyyəti” kimi tanınır. Həmin ərazidə dəmir və bürüncdən düzəldilmiş silahlar, qızıl əşyalar, dəyirman daşları və başqa nümunələr tapılıb. Vəndam kəndində taxta emalı, Qəmərvan kəndində keramika, Laza və Bum kəndlərində isə xalçaçılıq geniş yayılıb.
Müəllif Nic kəndində kompakt şəkildə yaşayan udilərdən də bəhs edib. Qədim albanların varisləri hesab edilən bu etnik qrup indiyədək öz adət-ənənələrini, dilini, əcdadlarının maddi və mənəvi mədəni irsini qoruyub saxlayıb.
Bum kəndində yaradılan “Zop-Zopa” folklor ansamblı xarici ölkələrdə keçirilən müxtəlif mədəniyyət festivallarında müvəffəqiyyətlə çıxış edir.
Məqalədə qeyd olunur ki, sadalanan məkanlarda turistlərin yaxşı istirahəti üçün hər cür şərait mövcuddur. Qəbələ rayonunun ərazisindəki “Aleksandr Düma Qafqazda” adlı unikal marşrut fransız yazıçısı və səyyahının 1858-ci ildə bu yerlərə səyahəti ilə həmyaşıddır.