Cəbrayılda inşa ediləcək inzibati binaların fasadında müasirlik və millilik ahəngi yer alacaq
Cəbrayıl, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Cəbrayılda dövlətimizin başçısı tərəfindən yeni təməli qoyulan binalar bir hektara yaxın ərazidə inşa ediləcək və binaların fasadında müasirlik və milliliyin ahəngi yer alacaq.
AZƏRTAC-ın bölgə müxbiri dövlətimizin başçısı İlham Əliyevin Şərqi Zəngəzura səfərinin izi ilə Cəbrayılda olub, görülən işləri və yenilikləri qeydə alıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, yeni bina işgüzar zona kimi müəyyən olunmuş bir hektara yaxın ərazini əhatə edəcək. “Layihəyə əsasən müasir üsluba uyğun olaraq ərazidə dörd bina tikilməsi nəzərdə tutulub. Birinci mərhələdə 4 və 5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulub. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb və eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq. Bundan başqa, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park da yer alacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq. Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq”, - deyə Aqil Qurbanov qeyd edib.