“CƏLİLABAD AVTOVAĞZAL” ASC-NİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ ELAN EDİLMİŞDİR
Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsində iştirak etmək üçün investorlar daxili, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarının həyata keçirilməsini təmin etmək məqsədi ilə beynəlxalq standartlara cavab verən avtovağzal kompleksinin qurulması və müasir nəqliyyat vasitələrinin alınması, habelə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması kimi məsələlərin həllini özündə əks etdirən investisiya proqramını təqdim etməlidirlər.
İddiaçılar, həmçinin dövlət büdcəsinə ödəniləcək 10 min manat (AZN) vəsaitdən və silinmək üçün komitəyə təqdim olunacaq 2500 ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərtilə müvafiq təkliflər verməlidirlər.
Xarici investorlar təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum məbləğdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş, beynəlxalq standartlara cavab verən avtovağzal kompleksinin və sərnişin daşımalarının təşkili üzrə qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 45 təqvim günü müddətində təklif etdiyi pul vəsatinin dövlət büdcəsinə köçürülməsi və 60 təqvim günü müddətində müvafiq sayda özəlləşdirmə çeklərini (xarici investor həm də özəlləşdirmə opsionlarını) təqdim etməlidir.
İnvestisiya Proqramı ilə müəyyən edilmiş sərmayənin ümumi məbləğinin 5 faizə qədər hissəsinin pul vəsaiti şəklində 30 təqvim günü müddətində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir.
Müsabiqədə iştirak etmək üçün ərizə və təkliflərin qəbulu oktyabrın 30-dək, müsabiqə komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə noyabrın 1-dən həyata keçiriləcəkdir.