Cəlilabadda gənclər Vətən Müharibəsi Qəhrəmanı ilə görüşüblər
Cəlilabad, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayevlə gənclərin görüşü keçirilib.
Görüşdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Cəlilabad nümayəndəliyinin, Heydər Əliyev Mərkəzinin, rayon Mərkəzi Kitabxanasının, Peşə Təhsil Mərkəzinin, Ombudsmanın Regional Mərkəzinin əməkdaşları, qazilər, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Müharibədə keçdiyi şərəfli döyüş yolundan söhbət açan Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Azərbaycan oğullarının göstərdiyi şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin, məhəbbətin ifadəsi kimi dəyərləndirib.
Sonda baş leytenant Qəzənfər Ağayev gənclərin suallarını cavablandırıb.