Cəlilabadda məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və vərdişləri təkmilləşdirilir
Cəlilabad, 18 yanvar, İlkin Adıyev, AZƏRTAC
71 saylı Cəlilabad şəhər seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün təşkil olunan maarifləndirici treninqlər davam edir.
Dairə seçki komissiyasının sədri İsa Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilərlə bağlı bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsində treninqlərin rolu böyükdür. Treninqlərdə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat verilir. Bundan əlavə, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. 51 min 263 seçicisi olan dairə seçki komissiyasının ərazisində 53 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərdən 2740 nəfəri ilk dəfə səs verəcək gənclərdir, 2 nəfərin yaşı isə 100-dən yuxarıdır.
Məntəqə seçki komissiyasının üzvləri hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, eləcə də bir sıra digər zəruri metodiki vəsaitlər və əyani materiallar verirlər.