CENEVRƏ KONFRANSININ İŞTİRAKÇILARI ONUN YEKUNLARINI BİRMƏNALI QİYMƏTLƏNDİRMİRLƏR
Suriya Qırmızı Aypara Cəmiyyətinin nümayəndələrinin İsrail tərəfindən işğal olunmuş Colan təpələrinə buraxılması məsələsində bu ölkələr arasında fikir ayrılığına görə konsensus baş tutmamışdır. Suriyalılarla israillilərin İsveçrənin vasitəçiliyi ilə Cenevrədə apardıqları danışıqlar uğursuzluqla nəticələnmişdir. İslam Konfransı Təşkilatının üzvü olan ölkələr Suriyanı dəstəkləmişdir. Onların bi çoxu protokolun əleyhinə səs vermiş, yaxud bitərəf qalmışdır.
Suriya səfiri Bəşər əl-Cəfəri Cenevrə konfransının yekunlarını tənqid edərək bildirmişdir ki, beynəlxalq hüquq məsələlərində çoxluğun rəyinin azlığa qəbul etdirilməsi yolverilməzdir.
İsrail nümayəndələri isə konfransın yekunlarından razı qalmışlar. Yeni emblemin qəbulu rəmz nişanı David ulduzu olan “Magen David Adom” milli yardım cəmiyyətinin Qırmızı Xaç və Qırmızı Aypara hərəkatına qoşulmasına yol açır.
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin prezidenti Yakob Kellenberger forumun yekunlarını müsbət qiymətləndirərək demişdir: “Zənnimcə, üçüncü əlavə protokolun bəyənilməsi Qırmızı Xaç və Qırmızı Aypara hərəkatını gücləndirəcəkdir”.