CƏNUB BÖLGƏSİNDƏ “NARKOTİKLƏRSİZ HƏYAT” DEVİZİ ALTINDA “AVTOBUS TURU” AKSİYASI KEÇİRİLMİŞDİR
Lənkəran, 30 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının “Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Regional Proqramının “Narkotiklərsiz həyat” layihəsi çərçivəsində cənub bölgəsinin Biləsuvar, Masallı və Lənkəran rayonlarında “Avtobus turu” aksiyası keçirmişdir.
Milli Şuraya üzv olan gənclər təşkilatlarının və bölgə gəclərinin iştirak etdiyi tədbirdə qurum sədrinin müavini, layihənin əlaqələndiricisi Heydər Atayev, mətbuat xidmətinin rəhbəri Əlizadə Nəcəfov, proqramın “Müalicə və profilaktika” layihəsinin rəhbəri Tural İsmayılov, təlimçisi Günel Səfərova, icra hakimiyyətlərinin məsul işçiləri və gənclərin nümayəndələri çıxış edərək əsrin bəlasına çevrilmiş “ağ ölümə” qarşı mübarizədə gənclərin fəallığını artırmaq, narkotik maddələrin törətdiyi fəsadları aradan qaldırmaq, bu sahədə profilaktiki və maarifləndirmə tədbirlərini gücləndirmək üçün qarşıda duran vəzifələrdən danışmışlar.
Çıxışlarda qeyd olunmuşdur ki, respublikamızda narkotik vasitələrdən istifadə edənlərin sayının artması, onun törətdiyi fəsadlar, gənclərin bu zərərli vərdişə aludə olması narahatlıq doğurur. 2003-2004-cü illərdə ölkəmizdə narkotik vasitələrdən istəfadə edənlərin sayı 16 min nəfər təşkil edirdisə, hazırda bu rəqəm 23 minə çatmışdır.
Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq, onlardan istifadə edənlərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə müxtəlif təkliflər verilmişdir.
Aksiya iştirakçılarına “Uşaqlar və narkotiklər”, “Yeniyetmələr narkotiklər haqqında nə bilirlər”, “Narkotiklərsiz həyat. Valideynlər üçün məlumat”, “Qorxulu yol, narkotiklərsiz yaşa” bukletləri təqdim edilmişdir.
######
![]() |
![]() |

