Cənubi Koreya Prezidenti Pxenyana Koreyalararası işçi qrupu yaratmağı təklif edib
Bakı, 15 avqust, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yol Pxenyana Koreyalararası işçi qrupu yaratmaqla rəsmi dialoqa başlamağı təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Yun Sok Yolun Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad olunmasının 79-cu ildönümü ilə bağlı çıxışından sitat gətirib: "Bu gün mən hər iki ölkənin hakimiyyətinə Koreyalararası işçi qrupu yaratmağı təklif edirəm. Bu qurum gərginliyin aradan qaldırılmasından tutmuş iqtisadi əməkdaşlığa, insanlar arasında və mədəni mübadilələrə, təbii fəlakətlərə və iqlim dəyişikliyinə reaksiyaya qədər hər şeylə məşğul ola bilər”.
Yun Sok Yol Pxenyanı təklifə cavab verməyə çağırıb, çünki dialoq və əməkdaşlıq Koreyalararası münasibətlərdə əhəmiyyətli irəliləyişə səbəb ola bilər.
Cənubi Koreya Prezidenti nüvəsizləşdirmə istiqamətində addımlar müqabilində Şimala genişmiqyaslı yardım göstərmək öhdəliyini bir daha təsdiqləyib. “Şimali Koreya nüvəsizləşdirmə istiqamətində ən azı bir addım atdığı andan biz siyasi və iqtisadi əməkdaşlığa başlayacağıq”, - deyə o əlavə edib.
ABŞ ilə Şimali Koreya arasında nüvə danışıqları Donald Tramp və Kim Çen In arasında 2019-cu ildə Hanoyda keçirilən sammitin nəticəsiz başa çatmasından sonra dalana dirənib. Buna baxmayaraq, Yun Sok Yol Seulun Pxenyana humanitar yardım göstərməyə davam edəcəyini bildirib.
“Şimali Koreya rejimi bizim təklifimizi bir daha rədd etsə də, biz humanitar yardım təklifini heç vaxt dayandırmayacağıq”, - deyə Cənubi Koreya Prezidenti vurğulayıb.