Ceyhun Əliyev: Azərbaycanda bir sıra balıq növləri üzrə özünütəminetmə səviyyəsi yüksəkdir VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan yerli şəraitdə yetişdirilən bir sıra balıq növləri üzrə özünütəminetməyə demək olar ki, nail olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev yeni qəbul olunmuş Toxumçuluq və Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda akvakultura sahəsində nərəkimilər, qızılbalıqkimilər və çəpərkimilərin yetişdirilməsi üçün müvafiq imkanlar mövcuddur.
“Təbii şəraitə uyğun balıqların tam təbii şəraitdə yetişdirilməsi ilə özünü təmin etməyə nail olan ölkədə gələcəkdə ixrac potensialı yüksək olan nərə balıqlarının və nərə məhsullarının da ixracının həyata keçirilməsi əsas hədəflərdən biridir. Proseslərin elektronlaşdırılması subsidiyaların verilməsi üçün müvafiq mexanizmlərin daha səmərəli fəaliyyətinə və ümumilikdə akvakultura sektorunun inkişafına şərait yaradacaq”,- deyə Ceyhun Əliyev qeyd edib.