CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İDMAN TƏDBİRİ KEÇİRİLMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 nömrəli сəzaçəkmə müəssisəsində mini- futbol yarışı keçirilmişdir.
Penitensiar Xidmətlə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi idman tədbirində 6 və 15 nömrəli cəzaçəkmə müəssisələrinin futbol komandaları final mərhələdə görüşmüşlər.
Yarışdan əvvəl dövlət himni səsləndirilmişdir.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, cəzaçəkmə müəssisələrində dövlət tərəfindən məhbus həyatı sürən insanlar üçün yaradılmış şəraitdən, onlara göstərilən qayğıdan danışmışlar.
Bildirilmişdir ki, belə müəssisələrdə məhbusların həyat şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, həmçinin lazımi idman ləvazimatı ilə təmin olunması istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.
Qeyd edək ki, 12 cəzaçəkmə müəssisəsində keçirilmiş yarışın finalında 6 nömrəli cəzaçəkmə müəssisəsinin “Şəfa” və 15 nömrəli cəzaçəkmə müəssisəsinin “Kəpəz” komandası qarşılaşmışlar. Görüş 3:2 hesabı ilə “Şəfa”nın xeyrinə qurtarmışdır.
6 saylı cəzaçəkmə müəssisəsində baş tutmuş matçı FİFA referiləri idarə etmişlər.
Qalib komandaya kubok və hədiyyələr təqdim olunmuşdur.