CGTN elektron nəşri Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa-Asiya yükdaşımalarındakı rolundan yazır
Pekin, 7 dekabr, AZƏRTAC
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti də daxil olmaqla Transxəzər nəqliyyat marşrutunun Avropa ilə Asiya arasında yüşdaşımalarındakı roluna dair məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə dekabrın 4-də Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Çinə gedəcək ilk qatarın İstanbuldan yola düşməsi barədə məlumat verilərək, bu hadisənin Avrasiyanın iqtisadi həyatında vacib hadisə kimi dəyərləndirilib. İndiyədək həmin yolla Çindən qatarlar Avropaya gedirdi. Amma indi ilk dəfədir ki, əks istiqamətdə qatar hərəkətə başlayıb.
Qeyd olunub ki, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsinin qurulması Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası ilə mümkün olub. Bu yolla Çinin xüsusən qərb vilayətlərində istehsal olunan məhsulların Avropaya daşınması üçün əlverişli imkanlar yaranıb. Belə ki, bu yolla yüklərin daşınması vaxt və məsrəflərə qənaət etməyə imkan verir.
Məqalədə diqqət çəkən məqamlardan biri isə Mehri dəhlizinin açılması planları və bütün regionun maraqlarına uyğun olaraq dəmir yollarının birləşdirilməsi ilə yeni nəqliyyat imkanlarının yaranması ilə bağlı fikirlərdir.
Yazıda "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycan-Çin əməkdaşlığından da söz açılıb. Qeyd olunub ki, Azərbaycan özünün coğrafi mövqeyi və logistik imkanları ilə həmin təşəbbüs üzrə Çinin vacib tərəfdaşıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin