Çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislər üçün təlim keçirilib VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 24-26-dək çətin həyat şəraitində olan ailələr və uşaqlarla çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına həsr olunmuş təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyindən dəvət olunmuş nümayəndə heyəti iştirak edir.
Təlimdə pedaqoq-psixoloqlar, sosial işçilər, uşaq hüquqları üzrə komissiyaların nümayəndələri, icra strukturlarında çalışan məsul şəxslər, aidiyyəti dövlət qurumlarının əməkdaşları, eləcə də sosial xidmət sahəsində birbaşa fəaliyyət göstərən mütəxəssislər iştirak edirlər.
Təlimin keçirilməsində əsas məqsəd çətin həyat şəraitində yaşayan uşaqlar və onların ailələri ilə iş prosesində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Tədbir çərçivəsində iştirakçılar sosial xidmətlərin göstərilməsində müasir yanaşmalar, ailələrin müdafiəsi və uşaqların rifahının təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrlə tanış olublar.
Eyni zamanda, sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, risk qrupları ilə işdə yeni metodların tətbiqi, erkən müdaxilə və preventiv tədbirlərin əhəmiyyəti kimi mövzular müzakirə edilib. Təlim, həmçinin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə, mütəxəssislər arasında təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaradacaq.