REGİONLAR
Çimərlik voleybolu üzrə yoldaşlıq görüşündə “Culfa” komandası qalib gəlib


Naxçıvan, 28 iyul, AZƏRTAC
Muxtar respublikanın idman mərkəzlərindən biri olan Uzunoba Təlim-Məşq İdman Kompleksində çimərlik voleybolu üzrə yoldaşlıq görüşü təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən voleybol matçında “Naxçıvan” və “Culfa” komandaları qarşılaşıb.
Nəticəyə gəlincə, görüş culfalıların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan oyunun sonunda hər iki komandaya voleybol topları hədiyyə edilib.
Yoldaşlıq görüşü muxtar respublikada voleybol idman növünün inkişafına təkan vermək və irimiqyaslı yarışlar üçün hazırlıq məqsədilə təşkil olunub.
Qeyd edək ki, bu il aprelin 3-də Uzunoba Təlim-Məşq İdman Kompleksinin istifadəyə verilməsi ilə çimərlik futbolu stadionunda voleybol oyunlarının keçirilməsi üçün də əlverişli zəmin yaranıb. Bu önəmli hadisə ilə Naxçıvanda uzun illərə dayanan voleybol ənənələri də yeni mərhələyə qədəm qoyub.