Çin 100 ölkəyə 450 milyon doza COVID-19 peyvəndi təqdim edib
Pekin, 29 iyun, AZƏRTAC
Çin indiyədək təxminən 100 ölkəyə, ümumilikdə 450 milyon doza COVID-19 peyvəndi təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ “Böyük iyirmilər” (G20) qrupunun xarici siyasət idarələri rəhbərlərinin videokonfransında deyib.
Xaricə göndərilən vaksinlərin əsas hissəsi 40-dan çox ölkəyə kommersiya prinsipi əsasında satılıb, müəyyən hissəsi isə Çin dövləti tərəfindən yardım kimi təqdim olunub. Çin yardım formasında təxminən 80 dövlətə vaksin göndərib.
Bildirilir ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün istehsal gücünü çoxaltmaqla yanaşı, bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə vurulan peyvəndin miqdarı 1,2 milyard dozanı ötüb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” və “Sinovac Biotech” şirkətlərinin COVID-19 virusu əleyhinə peyvəndlərini təcili istifadə üçün təsdiqləyib. Hər 2 şirkətin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Bundan başqa, “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndi də xaricə ixrac olunur.
Azərbaycanda COVID-19 virusu əleyhinə vaksinasiya prosesində də əsasən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin