ÇİN-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİ TƏSİS EDİLMİŞDİR
Tədbirdə ÇXR-in Azərbaycandakı keçmiş səfirləri Ley İnçen Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Çjan Qotsyan sədr müavini, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin Avropa və Asiya ölkələri İdarəsinin şöbə müdiri Sun Tsinqo baş katibi seçilmişlər.
Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Çen Xaosu yeni yaradılmış qurumun ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsində, mədəniyyət sahəsində qarşılıqlı mübadilənin həyata keçirilməsində vacib rol oynayacağına əmin olduğunu bildirmişdir.
Çin-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ley İnçen ölkələrimiz arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini demişdir.
ÇADC-nin təsis edilməsini xalqlarımız üçün əlamətdar hadisə hesab edən Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev əmin olduğunu bildirmişdir ki, cəmiyyət ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına xidmət edəcəkdir.
Səfir xüsusi vurğulamışdır ki, 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin və 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasında səfərləri və həmin səfərlər zamanı imzalanmış 30-dan çox sənəd ölkələrimiz arasında münasibətlərin inkişafının davamlı təməlini qoymuşdur.
Daha sonra Y.Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri, Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin prezidenti akademik Cəlal Əliyevin və Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Əhmədovun təbrik məktublarının surətlərini Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədrinə təqdim etmişdir. Məktubların çin dilinə tərcümə edilmiş mətnləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
ÇXR-in Dövlət Şurasının, Xarici İşlər, Mədəniyyət və Kommersiya nazirliklərinin və mətbuat orqanları nümayəndələrinin, habelə Pekində təhsil alan və bizneslə məşğul soydaşlarımızın iştirak etdikləri tədbirdə Azərbaycan haqqında, o cümlədən ölkəmizin tarixi, iqtisadi inkişafı, mədəniyyəti və turizm imkanlarına dair materiallar təqdim edilmişdir.