İQTİSADİYYAT
ÇİN AZƏRBAYCANA 610 MİN DOLLAR QRANT AYIRACAQ
Çinin Xarici Ticarət və İqtisadi Əməkdaşlıq Nazirliyinin Avropa üzrə Departamentinin rəis müavini Çjan Dinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində yeni yaradılan Nazirliklərarası İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupun iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iclasda iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün konkret təkliflər verilmiş, kənd təsərrüfatı məhsullarının emalı, PFT, PVS plastik kütlələrindən məhsullar istehsal edilməsi, uşaq qida məhsullarının saxlanması və qablaşdırılması, qaz təsərrüfatı üçün avadanlığın hazırlanması, habelə maşınqayırma və kimya sənayesinin, turizmin inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.
Nazir Fərhad Əliyev görüşdə Çinin Azərbaycana 610 min dollar qrant ayıracağını diqqətə çatdırmış, bu il Pekin şəhərində Azərbaycan-Çin iqtisadi forumunun keçiriləcəyini bildirmişdir.