Çin ilə Səudiyyə Ərəbistanının yaxınlaşması Tehranı narahat edib
Bakı 10 dekabr AZƏRTAC.
Çinin dövlət başçısı Si Cinpinin Səudiyyə Ərəbistanına səfəri zamanı iki dövlət arasında imzalanan birgə bəyanat İranın narahatlığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, birgə bəyanatın bəndlərinin birində İranın qonşu dövlətlərin daxili işlərinə qarışması pislənilib və rəsmi Tehrandan bu siyasətə son qoyması istənilib.
Digər bənddə isə İranın mehriban qonşuluq prinsipinə hörmətlə yanaşmasının vacibliyi vurğulanıb. Tərəflər, həmçinin İranın nüvə proqramının sülhməramlılığını təmin etmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməsini tələb ediblər.
Məsələyə münasibət bildirən İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Məhəmməd Cəmşidi Çini tənqid edərək regionda fəaliyyət göstərən terror qruplaşmalarının qarşısının rəsmi Tehran tərəfindən alındığını bildirib. Müşavirin açıqlamasının məsələnin mahiyyətinə aid olmadığını nəzərə alsaq rəsmi Tehranın Çinə qarşı çıxış etməyə arqument tapa bilmədiyini görərik. Çin yeganə dövlətdir ki, ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq İrandan neft idxal edir.
İran Çin kimi böyük bazarı itirməkdən ehtiyat edir. Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərin gərginliyi və Çinin Ərəbistanla yaxınlaşması İranın narahatlığına səbəb olub.
Birgə bəyanatda İrana qarşı yönəlmiş bəndlərə gəlincə isə nəzərə çatdırmaq lazımdır ki, rəsmi Tehran Səudiyyə Ərəbistanında yaşayan şiə qruplarını maliyyələşdirərək regionda separatçılığa dəstək verir. Çin isə separatçılıqda əziyyət çəkən dövlətlərdən biridir.