ÇİN NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA YENİ MÜƏSSİSƏ TİKİLMƏSİ MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİR
Çin Xarici Ticarət və İqtisadi İnkişaf Nazirliyinin xarici ticarət şöbəsi rəisinin müavini Çjan Dinin başçılığı ilə bu nazirliyin Bakıya gəlmiş nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində Bakıda plastik kartlar buraxan müəssisənin tikintisinə başlamaq məsələsini müzakirə edir.
ÇXR-in Bakıdakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Çin tərəfi müəssisənin tikintisinə 10 milyon dollar vəsait qoymaq niyyətindədir. Mütəxəssislərin hesablamalarına görə, yeni müəssisə istifadəyə verildikdən sonra çox baha başa gələn plastik kartların ölkəyə gətirilməsi tamamilə dayandırılacaqdır ki, bu da dövlət strukturlarının və digər maliyyə qurumlarının xeyli vəsaitə qənaət etməsinə imkan verəcəkdir.