Çində sel və daşqın bir milyondan çox adama zərər verib VİDEO
Pekin, 3 iyul, AZƏRTAC
Çinin Ciansi vilayətində bir neçə gündür davam edən şiddətli yağışların törətdiyi sel və daşqınlar 1 milyondan çox insana zərər verib.
AZƏRTAC vilayətin təbii fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, sel və daşqın vilayətin 55 yaşayış məntəqəsində xüsusilə təsirli olub. Yollar, küçələr, yaşayış binalarının zirzəmiləri və birinci mərtəbələri, əkin sahələri su altında qalıb. Ümumilikdə 156 ev dağılıb, 219 evə ziyan dəyib, 70 min hektardan çox əkin sahəsi yararsız hala düşüb.
Təbii fəlakət bölgəsindən 63 min nəfər təxliyə edilib. Ümumi maddi ziyan 1 milyard yuan (160 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.
Anhuy vilayətində isə sel və daşqın təhlükəsi ilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq elan edilib. Yerli qurumlara əhalinin təxliyəsi barədə göstəriş verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin