Çində təkrar emal üçün yararlı olan bioloji parçalana bilən şüşə hazırlanıb
Bakı, 5 aprel, AZƏRTAC
Çin tədqiqatçıları ətraf mühitə minimal təsir edən ekoloji cəhətdən təmiz alternativ təklif edərək, təkrar emal üçün də yararlı olan yeni növ bioloji parçalana bilən şüşə işləyib hazırlayıblar.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, şüşə müxtəlif sahələrdə geniş istifadə olunur və həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin hal-hazırda kommersiya mineral şüşənin və pleksiqlazın istifadəsi ətraf mühitə ziyan vurur, çünki onlar bioloji parçalana bilməzlər.
Çin Elmlər Akademiyasının yanında Texnoloji Proses İnstitutundan olan tədqiqatçılar qızdırmada sərtləşmə proseduru vasitəsilə bioloji alınan amin turşuları və ya peptidlərdən istifadə edərək bioloji parçalana bilən şüşə yaradıblar.
"Science Advances" jurnalında dərc edilmiş tədqiqata əsasən, bioloji parçalana bilən şüşə əla şüşə əmələ gətirmə qabiliyyətinə və optik xüsusiyyətlərə malikdir, buna görə də o, 3D çap və formalara tökmə üçün istifadə edilə bilər.
Şüşə parçalana və kompostda olan mikroorqanizmlər tərəfindən təkrar istifadə edilə bilər. Siçan dərisi altına implantasiya vasitəsilə şüşənin orqanizmdə zərərsiz şəkildə bioparçalanması sübut edilib.
Tədqiqata görə, yüksək biouyğunluq və bioloji parçalanma qabiliyyətinə malik, eləcə də təkrar emal oluna bilən şüşə bu xassələrinə görə hazırda istifadə olunan şüşə və plastik materiallardan fərqlənir.