İDMAN
ÇİNDƏ ÜZƏRİNDƏ SAMARANÇIN İMZASI OLAN OLİMPİYA MƏŞƏLİ SATILACAQDIR
Bakı, 8 avqust (AZƏRTAC). 2008-ci il Pekin Olimpiadasının ildönümü bayram edilən gün Cin paytaxtında bir il əvvəl başlanmış idman bayramı ilə bağlı suvenirlərin hərracı təşkil ediləcəkdir. Çinin kütləvi informasiya vasitələri xəbər verir ki, SVEX dövlət birjasının hərracında lotlardan biri üzərində Beynəlxalq Olimpiya Komitəsinin keçmiş rəhbəri Xuan Antonio Samarançın və bir neçə olimpiya çempionunun aftoqrafları olan olimpiya məşəli olacaqdır. Start qiyməti 1 yuan (təqribən 15 ABŞ senti) olan bu lotun 40 min dollara satılacağı ehtimal edilir. Alüminiumdan hazırlanmış məşəlin çəkisi 985 qramdır. Küləksiz havada propan qazı ilə 15 dəqiqə yana biləcək məşəlin alovunun hündürlüyü 25-30 santimetrə çatır.
Digər lotlar arasında olimpiadanın açılış mərasiminə gələn hər kəsə təqdim edilən, üzərində həmin mərasimin rejissoru Çjan İmounun aftoqrafı olan dəst diqqəti cəlb edir. Onun start qiyməti 200 yuan (29 dollar) müəyyən edilmişdir. Auksionda olimpiada dövründə müxtəlif ölkələrin rəhbərlərinin əyləşdiyi kreslolar dəsti (292 dollar), habelə çaydanlar, ştanq, motorlu qayıq və başqa əşyalar satılacaqdır.