CƏMİYYƏT
Cıdır düzündə “Ay Laçın” xalq mahnısı ifa olunub VİDEO

Bakı, 18 avqust, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Şuşaya yollanan diaspor nümayəndələri arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel nəhayət ki, bu arzusuna çatıb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüş istedadlı skripkaçı Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.
Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsillərini davam etdirir. O, keçən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb.