CİNAYƏT TÖRƏTMİŞ HƏRBİ QULLUQÇULAR BARƏDƏ İSTİNTAQ İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLMİŞDİR
Gizir Pərviz Lətifov bu barədə əsgər Müşfiq Mustafayevin bölük komandiri kapitan Mənsimov Nəbi Mənsum oğlu ilə danışmış, lakin o, bu işi təkbaşına edə bilməyəcəyini bildirərək komanda məntəqəsinin rəisi polkovnik-leytenant Eldarov Tərlan Ağagül oğlu ilə razılaşmağın vacib olduğunu bildirmişdir. Buna görə də Nəbi Mənsimov Pərviz Lətifovla bərabər Tərlan Eldarovun yanına gedərək əsgər Müşfiq Mustafayevin hər ay 200 ABŞ dolları məbləğində pul verməklə evdə qalmasına dair onun razılığını almışlar. Beləliklə də Müşfiq Mustafayev 2005-ci ilin aprelindən başlayaraq qanunsuz olaraq evə buraxılmaqla evdə qaldığı 4 ay müddətində Nəbi Mənsimova hər ay üçün 200 ABŞ dolları məbləğində pul çatdırmışdır. Həmin məbləğ qabaqcadan razılıq əldə etmiş hərbi hissənin vəzifəli şəxsləri Nəbi Mənsimov, Pərviz Lətifov, Tərlan Eldarov və Fəqani Daşdəmirovun aralarında bölüşdürülmüşdür.
Bundan başqa, cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, mayor Qasımov Ceyhun Mirzə oğlu həmin hərbi hissə komandiri vəzifəsini icra edərkən tabeliyində olmuş hərbi qulluqçular - Pərviz Lətifovun, Tərlan Eldarovun və Nəbi Mənsimovun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əsgər Müşfiq Mustafayevdən rüşvət alıb evlərinə buraxılması faktı aşkar olunduqda şəxsi marağına görə hakimiyyətdən qəsdən istifadə etməyərək barələrində cinayət işi başlayıb aidiyyəti üzrə hərbi prokurorluğa göndərmək əvəzinə, heç bir tədbir görməmişdir. Sonra Ceyhun Qasımov komandir kimi üzrəinə düşən vəzifələri yerinə yetirməməsi faktını gizlətmək məqsədi ilə şəxsi marağına görə qulluq mövqeyindən sui-istifadə edərək hakimiyyət həddini aşıb hərbi hissənin qərargah rəisi əvəzi, polkovnik-leytenant Feyzullayev Mübariz Novruz oğlu ilə birlikdə 2005-ci il iyulun 13-də hərbi hissənin komanda məntəqəsinin rabitə bölüyünün baş çavuşu gizir Daşdəmirov Fəqani Qüdrət oğlunu hərbi hissənin qərargahına çağıraraq ona əsgər Müşfiq Mustafayevin adının aprel ayından başlayaraq bölüyün axşam yoxlanışı kitabına salınmasını və adının qarşısında yerində olması barədə qeydiyyat aparılmasına dair qanunsuz əmr vermişdir. Fəqani Daşdəmirov bundan imtina etdikdə onlar bölük komandiri Nəbi Mənsimovu çağıraraq ona həmin qanunsuz göstərişi vermişlər. Nəbi Mənsimov onların göstərişi ilə vəzifə saxtakarlığı edərək 2005-ci il aprelin 1-dən əsgər Müşfiq Mustafayevin adını bölüyün axşam yoxlanışı kitabına salaraq, qeydiyyat zamanı yerində olması və guya döyüş növbətçiliyi aparması haqqında saxta qeydlər etmişdir.
Göstərilən faktla bağlı “N” saylı hərbi hissə komandiri vəzifəsini icra edən Ceyhun Qasımov və qərargah rəisi Mübariz Feyzullayev Azərbaycan Respublikası CM-in 341.2.1-ci (Rəisin və vəzifəli şəxsin hakimiyyətdən qəsdən istifadə etməməsi bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi, həmin hərbi hissənin komanda məntəqəsinin rəisi Tərlan Eldarov, kadrlar və nizami bölməsinin rəisi vəzifəsini icra edən Pərviz Lətifov, bölüyün baş çavuşu Fəqani Daşdəmirov Azərbaycan Respublikası CM-in 311.3.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (Təkrar rüşvət alma) maddələri, bölük komandiri Nəbi Mənsimov Azərbaycan Respublikası CM-in 311.3.1-ci, 311.3.2-ci və 313-cü (Vəzifə saxtakarlığı) maddələri, əsgər Müşfiq Mustafayev Azərbaycan Respublikası CM-in 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) və 335.1-ci (Hərbi xidmətdən boyun qaçırma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq başa çatdırılaraq ittiham aktı respublika Hərbi Prokurorluğu tərəfindən təsdiq edilməklə baxılması üçün ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinə göndərilmişdir.