Coğrafiya İnstitutu ilə Gissen Universiteti arasında elmi əlaqələr genişlənir
Bakı, 18 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - icraçı direktor coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, böyük elmi işçi, coğrafıya üzrə fəlsəfə doktoru, dosent Elina Kərimova, elmi işçi Bəyimxanım Hüseynova və doktorant Aslan Babaxanov Tbilisidə keçirilən “Nəzəriyyədən təcrübəyə: Gürcüstanda Muxuri-Geopark təşəbbüsünə çoxtərəfli elmi dəstək” mövzusunda rəqəmsal qiymətləndirmə görüşündə iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşə Gürcüstanın V.Baqratoni adına Coğrafiya İnstitutu və İ.Cavaxisvili adına Tbilisi Dövlət Universiteti, Almaniyanın Y. Libix adına Gissen Universitetinin Coğrafiya departamentinın və CENN-in (Qafqaz Ətraf Mühit QHT) əməkdaşları onlayn qoşulublar.
Tədbirdə dünyada baş verən iqlim dəyişmələri fonunda yaranan ekoloji problemlər və onlardan çıxış yolları, geoparkların təcrübəsi, onların yaradılmasının üstünlükləri, eləcə də Gürcüstanda Muxuri Geoparkının yaradılmasının nəzəri təcrübəsi barədə çıxışlar olub, geoparkların məlumat bazasının idarə edilməsi sistemi barədə məlumatlar verilib.
Gələcəkdə Coğrafiya İnstitutu ilə Gissen Universitetinin Coğrafiya departamenti arasında elmi əlaqələrin gücləndirilməsi, tələbə mübadiləsi, birgə layihələrdə iştirak barədə fikir mübadiləsi aparılıb.