Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycan Milli Təşəbbüs Qrupunun iclasında iştirak ediblər
Bakı, 29 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Təşəbbüs Qrupunun (SNC Azərbaycan) regional dialoqun və əməkdaşlığın inkişafı və planlaşdırılması ilə bağlı növbəti üçüncü görüşü keçirilib. Görüşdə SNC Azərbaycanın üzvləri - coğrafiya üzrə fəlsəfə doktorları Natəvan Cəfərova və Elnur Səfərov milli ekspertlər qismində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi Qafqaz dağ bölgəsinin davamlı inkişafı yolunda mövcud problemlərin aradan qaldırılması üçün akademik sektor və praktiklər arasında əməkdaşlığı gücləndirmək, əməkdaşlıq mexanizmlərini və ortaq sistemli tədbirləri müzakirə etmək olub.
Tədbirdə elmi qurumların, qeyri-hökumət və beynəlxalq təşkilatların, özəl sektorun və icra orqanlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar SNC Azərbaycanın sədri, mərhum akademik Ramiz Məmmədovun xatirəsini hörmətlə yad edib, onun Qafqaz Dağ Bölgəsi Elmi Şəbəkəsinin (SNC-mt) dəyərli bir üzvü və dəstəkçisi olduğunu vurğulayıb, bu yolda verdiyi töhfələrə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Milli Təşəbbüs Qrupunun fəaliyyəti, Qafqaz dağ bölgəsindəki sığorta tariflərinin hesablanması üçün risklər və Qafqaz dağlarında şabalıd ağacının itmə təhlükəsi, iqlim dəyişikliyi problemləri və Azərbaycandakı əlaqəli layihələr, binaların enerji səmərəliliyi məsələləri və enerji modelləşdirmə metodunun tətbiqi, enerji qənaətinə dair sosial məlumatlılığın aşağı səviyyədə olması və s. kimi məsələlər müzakirə edilib.
Görüş İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən "Cənubi Qafqazda iqlimə uyğunlaşma tutumlarının gücləndirilməsi" layihəsi çərçivəsində keçirilib.