COP29
COP29 çərçivəsində karbon emissiyalarının ölçülməsi üçün innovativ üsullar müzakirə olunub
Bakı, 14 noyabr, AZƏRTAC
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qazaxıstan pavilyonunda kənd təsərrüfatı sektorunda karbon emissiyalarının ölçülməsi və sertifikatlaşdırılmasının innovativ üsullarına həsr olunmuş panel keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, burada dövlət orqanlarının, biznes və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev tədbirdə çıxış edərək bərpaedici kənd təsərrüfatının təbii sərvətlərin qorunub saxlanılması və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vasitə olduğunu vurğulayıb.
Sessiya iştirakçıları davamlı kənd təsərrüfatını və iqlim dayanıqlığını təşviq etmək üçün hökumət, biznes nümayəndələrini və beynəlxalq tərəfdaşları sıx əməkdaşlığa çağırıblar.
Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd edir ki, Qazaxıstan innovasiya, ekologiya və iqtisadi faydanın birləşdirməyinin uğurlu nümunəsini nümayiş etdirərək regenerativ həllər sahəsində regional lider mövqeyinə doğru inamla irəliləyir.