COP29
COP29-un tacik iştirakçısı: İqlim dəyişiklikləri bütün dövlətlərin məsələsidir
Bakı, 12 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Qlazqo, Şarm əl-Şeyx və Dubayda keçirilən tədbirlərində iştirak etmişəm. Lakin Bakıda keçirilən COP29 yüksək səviyyədə təşkil olunub və fərqlənir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Tacikistan hökuməti yanında fəaliyyət göstərən İqlim Dəyişikliyinin Öyrənilməsi Mərkəzinin rəhbəri Sottor Saidov deyib.
Onun sözlərinə görə, milli pavilyonlar çox səliqəli qurulub və bir-birinə yaxındır.
“Beləliklə, əlaqə saxlamaq, təcrübə mübadiləsi aparmaq üçün geniş imkan yaradılıb. Buna görə də COP29-a ev sahibliyi edən Azərbaycana ancaq təşəkkür etmək lazımdır”, - deyə Sottor Saidov qeyd edib.
Tacikistan Prezidenti Emomali Rahmonun tapşırığı ilə 2025-ci ildə parnik qazlarının atmosferə atılmasının azaldılması üçün strateji sənəd hazırlandığını deyən mərkəz rəhbəri gələn il Tacikistanda “Buzlaqların saxlanılması ili” elan olunacağını deyib: “Buzlaqların əriməsi, daşqınlar əhalinin bir yerdən başqa yerə köçməsinə səbəb olur. Bu problemin həll olunması üçün bir sıra tədbirlər həyata keçiririk, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edirik. Ötən il miqrasiya problemləri ilə əlaqədar Bakıda, bu il isə Düşənbədə konfrans keçirilib. Hər iki konfransda Tacikistan ilə Azərbaycanın mütəxəssisləri vahid strategiyanın hazırlanması üzrə razılıq əldə ediblər. Hər bir dövlətin öz maraqları var. Lakin iqlim dəyişiklikləri bütün dövlətlərin məsələsidir və bu problemin həll üçün birgə səylər göstərib, tədbirlər həyata keçirmək lazımdır”.