CORC BUŞ TÜRKİYƏNİN BAŞ NAZİRİNİ “SƏKKİZLİYİN” ZİRVƏ TOPLANTISINA DƏVƏT ETMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərdə deyilir ki, ABŞ Prezidenti Corc Buş Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı aparıcı dünya dövlətlərinin “böyük səkkizliyi”nin zirvə toplantısına dəvət etmişdir. Toplantı iyunun 8-10-da ABŞ-ın Corciya ştatında keçiriləcəkdir.
Ağ evin mətbuat katibinin verdiyi məlumata görə, türkiyəli qonaq iyunun 9-da “səkkizlik” liderlərinin Böyük Yaxın Şərqdən olan regional tərəfdaşlarla birgə iclasında iştirak etməlidir.
C.Buşun fikrincə, “regionda xüsusən demokratiya sahəsində mühüm islahatların həyata keçirilməsinə dair konkret proqramlarda Türkiyənin iştirakı “səkkizlik” dövlətləri ilə Avropa Birliyi ölkələri, Türkiyə və regional tərəfdaşlar arasında əməkdaşlığın inkişafına kömək edəcəkdir”.