CTE-2015 sərgisinin iştirakçılarının 40 faizi debütantlardır
Bakı, 17 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, noyabrın 18-dən 20-dək “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində ətraf mühitin mühafizəsi məsələlərinə həsr edilmiş VI beynəlxalq CTE 2015 “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi keçiriləcək. Tədbir Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (International Dialogue for Environmental Action - Ətraf Mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyinin dəstəyi ilə keçirilir.
Sərginin meneceri Jalə Məmmədova AZƏRTAC-a eksklüziv müsahibəsində qeyd edib ki, sərgi iştirakçılarının 40 faizi debütantlardır. “Socar Polymer” (Azərbaycan), “Jacobi Carbon AG” (İsveçrə), “Mavi Deniz” (Türkiyə), “ACO Marine S.R.O.”, “Brentwood Europe S.R.O”, “TECO A.S.”, “TOPOL WATER S.R.O.” (Çexiya), “Sibtstroy - Ekologiya” və “Jilstroy” (Rusiya) kimi debütant şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər. Rusiya Federasiyasının Tümen Vilayəti Ticarət-Sənaye Palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunacaq.
Sərgi iştirakçıları üçün işgüzar proqram nəzərdə tutulmuşdur. Sərginin ilk iş günündə Bolqarıstan Respublikasının ətraf mühit və su ehtiyatları naziri xanım İvelina Vasilyeva sərgini ziyarət edəcək və bu ziyarətin gedişatında işgüzar görüşlər keçiriləcəkdir. Çex Respublikasının milli stendində isə bir sıra təqdimatların keçirilməsi planlaşdırılır. Bundan başqa, noyabrın 19-da BMT-nin “Hamı üçün davamlı enerji onilliyi 2014-2024” proqramına həsr edilmiş, “EkoSfera”Sosial-Ekoloji Mərkəzinin layihəsi olan “Gənclərin enerji potensialı” çərçivəsində, YUNESKO-nun Bakı ofisinin dəstəyi ilə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin köməyi ilə 1-ci Beynəlxalq Konfrans keçiriləcək. Bu konfransa Rusiya və Niderland Krallığından ekologiya sahəsi üzrə ekspertlər, eləcə də tələbələr dəvət edilib. Sərgi çərçivəsində ekoloji təlim metodistləri və orta məktəblərin biologiya, kimya müəllimləri üçün görüş-treninq keçirilməsi də nəzərdə tutulur. Bu tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Deloitte Azərbaycan” şirkətinin ekspertlərinin iştirakı ilə təşkil olunacaq.