COP29
“Cumhuriyet”: COP29 qlobal ekoloji gündəmdə Türkiyənin mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır
Ankara, 23 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) Türkiyənin qlobal ekoloji gündəmdəki mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzetinin oxucularına təqdim olunmuş “Türkiyənin COP29-da hədəfi: 2053-cü ilə qədər emissiyaların sıfıra çatdırılması. Buna nail olmaq mümkünmü?” sərlövhəli məqalədə deyilir.
Nəşrdə bildirilir ki, Türkiyə Azərbaycanda keçirilən iqlim sammitində ən çox təmsil olunan üçüncü ölkə (1892 iştirakçı) olub. “Türkiyənin COP29-da genişmiqyaslı iştirakı Ankaranın iqlim dəyişmələri ilə mübarizəyə verdiyi önəmin göstəricisidir”, – deyə türk nəşri qeyd edir.
Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2026-cı il qlobal iqlim sammitinə ev sahibliyi etmək üçün namizədliyini dəstəkləmək çağırışı barədə xatırladılır.
Türkiyənin Azərbaycanda COP29-da açıqlanan yeni İqlim Strategiyasına diqqət yönəldilir ki, bu strategiyaya əsasən, bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji istehsalında payı 2053-cü ilə qədər 69 faizə çatdırılacaq.
AZƏRTAC-ın xüsusi müxbir
Ankara