Dağlar Yusif: Yuğ Teatrı Azərbaycan teatr məkanında unikal yer tutur
Bakı, 3 dekabr, Anara Axundova, AZƏRTAC
Bakıda rejissor Mikayıl Mikayılovun quruluşunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası böyük uğurla keçirilib.
AZƏRTAC-ın müxbiri tamaşanın qonaqları ilə söhbət edib.
Teatr tənqidçisi Dağlar Yusif bildirib ki, Azərbaycan xalqının qədim yaddaşını əks etdirən bu tamaşa Azərbaycan Dövlət Yuğ Teatrının qurucusu Vaqif İbrahimoğlunun pyesi əsasında səhnələşdirilib.
“Ümumilikdə biz tamaşaçılar üçün teatr sənətinin bütün formaları əhəmiyyətlidir. Lakin Yuğ Teatrı Azərbaycan teatr məkanında özünəməxsus poetikası ilə seçilən unikal bir yer tutur. Məhz Yuğ Teatrının poetikasında Azərbaycan milli qavrayışı, etnoqrafiyası ilə səsləşən əsərlər özünəməxsus şəkildə yozulur və açılır. Biz də “Kitabi-Dədə Qorqud”la bağlı bu tamaşaya məhz bu prizmadan gəlmişik. Düşünürəm ki, Vaqif İbrahimoğlunun yaratdığı, Yuğ Teatrının aktyorlarının oynadığı və bizim qədim yaddaşımızı özündə əks edən bu əsər bu gün çox maraqlı bir tamaşa kimi qarşımızda sərgilənəcək”, – deyə D. Yusif vurğulayıb.
Tamaşada (iki heyətdə) rolları Yuğ Teatrının aktyorları - Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, aktyorlar Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova və Vuqar Hacıyev ifa edirlər.