DAĞLIQ QARABAĞ HAQQINDA MÜHAZİRƏ ALMANİYADAKI ERMƏNİ İCMASININ NARAHATLIĞINA SƏBƏB OLMUŞDUR
Berlin, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 21-də Berlində Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzində (AAƏM) siyasi elmlər üzrə ekspert Hayko Lanqner “Dağlıq Qarabağ münaqişəsi geosiyasi təsir və artan gərginlik şəraitində” mövzusunda məruzə etmişdir.
AAƏM-in icraçı direktoru Samirə Patser-İsmayılova bildirmişdir ki, məruzəçi Qarabağ probleminin mühüm cəhətlərinə toxunmuşdur. H.Lanqner vurğulamışdır ki, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ATƏT-in Minsk qrupu münaqişənin nizama salınmasına dair danışıqlarda vasitəçi rolunu oynamağa çalışır. Lakin tərəflər ilkin mövqelərindən əl çəkməmişlər: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü haqqında beynəlxalq hüquq normalarına əsaslanaraq işğal olunmuş torpaqların qaytarılmasını tələb edir, Ermənistan isə işğal olunmuş əraziləri azad etməkdən boyun qaçırmaqla yanaşı, orada oyuncaq qurum yaratmışdır. Ermənistan həmçinin Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi qəbul olunmasını tələb edir.
Məruzəçi demişdir: “ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, münaqişənin tezliklə həll olunması ehtimalı azdır”. Onun sözlərinə görə, əksinə, son vaxtlar cəbhə xəttində atəşkəs rejiminin pozulması halları kəskin surətdə çoxalmışdır, bu isə yeni silahlı qarşıdurmanın mümkünlüyünü artırır. H.Lanqner ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin münaqişənin həllinə dair zəruri addımlar atmamasına səbəb olan amillərdən, bu dövlətlərin vəziyyətə təsir göstərmək imkanlarından, hazırkı status-kvonun işğal olunmuş ərazilərdə humanitar və iqtisadi vəziyyətə təsirindən danışmışdır. Sonra H.Lanqner alman jurnalistlərinin bu il Azərbaycanın işğal olunmuş ərazilərində çəkdikləri və işğalçıların vəhşiliklərini əks etdirən fotoşəkilləri nümayiş etdirmişdir.
Mühazirədə Almaniyanın ATƏT-in Minsk qrupundakı keçmiş (90-cı illərdə) nümayəndəsi Frank Lambax, Bundestaqın nümayəndəsi İvon Bexlayn, Azərbaycan səfirliyinin əməkdaşları, dramaturq və jurnalist Luts Laytfus, tələbələr, Azərbaycan və Türkiyə təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Mühazirə Berlinin erməni icması arasında narahatlığa səbəb olmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri