DANİMARKA KARİKATURAÇISININ BAŞINA 11,5 MİLYON DOLLAR QOYULMUŞDUR
Məhkəmə bu qərarı ştatın həcc və dini azlıqların işləri naziri Məhəmməd Yaqub Küreşi karikaturaçının başına 11,5 milyon dollar məbləğində mükafat elan etdikdən sonra vermişdir. Mükafatı Danimarkanın “Yullands-posten” qəzetində ilk dəfə dərc edilmiş karikaturanın müəllifini öldürən adam alacaqdır. Nazirin vədinə görə, bu adama öz çəkisi qədər qızıl da veriləcəkdir.
Frans Press Agentliyinin verdiyi xəbərə görə, Hindistanda ən böyük müsəlman icmalarından birinin yaşadığı Uttar-Pradeşin hakimiyyət orqanları bildirmişlər ki, rəssamın başına mükafat elan edilməsi nazirin “şəxsi təşəbbüsüdür” və bu, ştatın heç bir qanununu pozmur. Küreşinin sözlərinə görə, 11,5 milyon dolları ştatın müsəlman icmasının üzvləri toplamalıdır.
Hindistan siyasətçiləri bu təşəbbüsü tənqid etmişlər. Ümumhindistan Müsəlman Qanunvericilik Şurasının üzvü Zəfəryyab Gilani təşəbbüsü təqdir etməmiş və demişdir ki, “nazir vəzifəsi məsuliyyət nəzərdə tutur və o, belə bəyanatlar verməməlidir. Bizim Şura bu cür əmələ görə intiqam kimi adam öldürülməsini alqışlamır”.
Xatırladaq ki, Məhəmməd Peyğəmbərə karikaturalar çəkən rəssamın öldürülməsi üçün Əfqanıstanın “Taliban” hərəkatı da mükafat elan etmişdir. Taliblər bildirmişlər ki, müsəlmanların hisslərini təhqir edən şəkillərin müəlliflərini öldürən adam 100 kiloqram qızıl alacaqdır. Bu isə təxminən 2 milyon dollar deməkdir.
“Novosti” agentliyinin xəbərinə görə, Danimarka və bir sıra Qərb qəzetlərində Məhəmməd Peyğəmbərə karikaturalar dərc edilməsinə qarşı Hindistanda kütləvi etiraz nümayişləri keçirilir. Bu günlərdə Lakhnauda Danimarka ilə əlaqələri kəsmək və ABŞ Prezidenti Corc Buşun səfərini ləğv etmək tələbi ilə kütləvi yürüş olmuşdur.