DAŞINMAZ ƏMLAKIN QEYDİYYATA ALINMASI ÜZRƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
Sənədi Azərbaycan tərəfdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, Türkiyə tərəfdən ölkənin tikinti və abadlıq nazirinin müavini Sadık Yamaç və Tapu və Kadastr Baş İdarəsinin rəis müavini Calal Kaşak imzalamışlar.
Sənədə əsasən, qardaş ölkənin müvafiq qurumları daşınmaz əmlakın dövlət reyestrinin təşkili, kadastrın elektron variantının hazırlanması, arxivləşdirilməsi ilə bağlı azərbaycanlı həmkarlarına lazımi kömək göstərəcəklər.
İmzalanma mərasimindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Jurnalistlərin suallarını cavablandıran A.Qaraşov qonaqların ölkəmizə səfərinin məqsədi, keçirilən görüşlər barədə məlumat vermişdir.
Xidmətin rəisi bildirmişdir ki, yaxın günlərdə həyata keçirilməsinə başlanacaq pilot layihə üçün əlverişli region seçiləcək və orada daşınmaz əmlakın qeydiyyatının 3 formada aparılması təcrübədən keçiriləcəkdir.
A.Qaraşov bu sahədə yeni kadrların hazırlanması probleminə də xüsusi toxunmuşdur. O bildirmişdir ki, qurum yeni yarandığından onun gələcək inkişafı üçün gənc və ixtisaslı kadrların olması vacibdir.