MƏDƏNİYYƏT
Daşkənddə Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyevanın yaşadığı binaya xatirə lövhəsi vurulub VİDEO
Daşkənd, 12 aprel, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Daşkənddə yaşamış Azərbaycanın Əməkdar artisti, AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri olmuş tanınmış rəqqasə, ömrünü Özbəkistanda Azərbaycan musiqisinin və rəqslərinin təbliğinə həsr edən Kövkəb Əliyevanın yaşadığı binanın üzərində onun xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışıb, Özbəkistanın “Dostluq” ordeninə və Azərbaycanın “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş Kövkəb Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verib.
Samir Abbasov Azərbaycan dövlətinin, ölkə başçısının xaricdə yaşayan soydaşlarımız, tanınmış azərbaycanlıların adlarının əbədiləşdirilməsi, yaradıcılıqlarının öyrənilməsi və tədqiqinə xüsusi diqqət yetirdiyini qeyd edərək, burada həyata keçiriləcək təşəbbüsləri dəstəklədiyi üçün Azərbaycanın Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib.
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışıb, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, yüzlərlə azərbaycanlı, özbək uşaqlara və yeniyetmələrə milli rəqslərimizi öyrədən Kövkəb xanımın xidmətlərini xüsusi vurğulayıb və Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin bölmə müdiri Akif Marifli milli mədəniyyətimizi təbliğ edən və dövlətlərimiz arasında möhkəm dostluq körpüsü yaradan belə mədəniyyət xadimlərimizin xidmətlərini olduğunu vurğulayıb, Mədəniyyət Nazirliyinin dəstəyi və AMM-nin layihəsi ilə Özbəkistanda tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın Xalq artisti Qalina Melnikova Kövkəb Əliyevanın Özbəkistanda çox sevildiyini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın Özbəkistana səfəri zamanı AMM-nin açılışında Kövkəb Əliyevaya diqqət yetirmələri, görüşmələri hər kəsin yadındadır. E.Nuriddinov Kövkəb Əliyevanın Özbəkistanın uşaq evlərinə dəstək olması, "Mehrijon" Xeyriyyə Fondunun həmsədri kimi internat məktəblərində xeyriyyə tədbirləri təşkil etməsini qeyd edib, onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını söyləyib.
Kövkəb Əliyevanın qardaşı Pərviz Əliyev ailələri adından Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə bacısının xidmətlərini qiymətləndirilməsi, tanınmış soydaşlarımızın irsinin əbədiləşdirilməsinə göstərilən diqqət üçün razılıq edib və təşəkkürünü bildirib.
Sonda Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova xatirə lövhəsinin qarşısında milli musiqimizdən parçalar ifa edib.
Qeyd edək ki, xatirə lövhəsi AMM-nin sifarişi ilə Özbəkistanın Xalq rəssamı Marina Borodinova tərəfindən hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd