Daşkənddə “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti olub
Daşkənd, 14 may, AZƏRTAC
Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilmiş konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova, ölkəmizin səfiri Hüseyn Quliyev, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, konservatoriyanın professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açıb. Diplomat bildirib ki, BMA-nın gənclər kamera orkestri Ümummilli Liderin anadan olmasının 92-ci ildönümünə həsr edilən bu tədbirdə iştirak etmək üçün Bakıdan xüsusi olaraq dəvət olunub.
BMA-nın rektoru, xalq artisti Fərhad Bədəlbəyli, eləcə də beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə və Emil Bağırov tərəfindən Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim edilib. Konsertdə V.Mustafazadə, Q.Qarayev, Niyazi, F.Əmirov, V.Adıgözəlov, A.Əlizadə, həmçinin J.Bize, V.A.Motsart, A.Pyatsolla və digər bəstəkarların əsərləri səsləndirilib.
Orkestrin dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd