Daşkənddə MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV forumu keçirilir
Daşkənd, 12 dekabr, AZƏRTAC
Daşkənddə MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın mövzusu “Humanitar əməkdaşlıq - otuz ilin təcrübəsi və inkişaf perspektivləri”dir.
Forumda Birlik ölkələrinin elm, mədəniyyət, təhsil xadimləri, nazirlik və idarə rəhbərləri, dövlətlərarası strukturların, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri iştirak edirlər.
Azərbaycanı bu forumda Milli Elmlər Akademiyasının institutlarının, elm və təhsil, mədəniyyət, gənclər və idman nazirliklərinin təmsilçilərindən, elm və mədəniyyət xadimlərindən ibarət 10 nəfərlik nümayəndə heyəti təmsil edir.
Forumu açan Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov öz ölkəsinin müstəqillik dövründə inkişafından danışıb. Nazir islahatlara, o cümlədən humanitar sahədə islahatlara, MDB-yə üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına, birgə layihələrin icrasına xüsusi diqqət çəkib. O xatırladıb ki, Səmərqənd 2024-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub və bu çərçivədə bir sıra mədəni layihələr həyata keçiriləcək.
Forumda çıxış edən MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Birlik ölkələrini xüsusilə humanitar sahədə birləşdirən ən yaxşı dəyərlərin qorunub saxlanmasının mühümlüyünü vurğulayıb. O, Azərbaycanla MDB ölkələri arasında ənənəvi dostluq və mədəni əlaqələrin qorunub saxlanmasına, ölkəmizdə rus dilinin millətlərarası ünsiyyət dili kimi saxlanmasına xüsusi diqqət çəkib.
Tədbir çərçivəsində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birliyin simaları” sərgisi, “Birlik ulduzları” Dövlətlərarası mükafatın və “Debütlər Birliyi” beynəlxalq mükafatların təqdim edilməsi mərasimləri keçiriləcək. “Birlik ölkələrinin mədəni irsi”, “MDB ölkələrinin elmi-təhsil ictimaiyyəti”, “MDB-nin ən yeni mədəni kodu: əməkdaşlığın inkişaf vektorları”, “Birlik ölkələrinin ədəbiyyatı - yeni inteqrasiya mexanizmləri”, “Birlik ölkələri gənclərinin əməkdaşlığı” və digər mövzular üzrə panel müzakirələr də planlaşdırılıb.
İkigünlük forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Şurasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin birgə iclası keçiriləcək. Forumun nəticələri üzrə yekun qətnamə qəbul olunacaq.
Tədbir çərçivəsində MDB-nin Gənclər simfonik orkestrinin konserti təşkil olunacaq.
Yaradıcı və elmi ziyalıların forumları bu layihənin ilk dəfə keçirildiyi 2006-cı ildən bəri MDB məkanında ən böyük illik humanitar tədbirdir. Bu forumlar 2007-ci ildən başlayaraq Dövlətlərarası Şuranın və MDB-nin iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir. Bu müddət ərzində forumlar elmi və yaradıcı elitanın görkəmli xadimləri, MDB-nin dövlətlərarası orqanlarının, Birlik ölkələrinin müvafiq qurumlarının nümayəndələri arasında mərkəzi dialoq meydanına çevrilib. Yaradıcı və elmi ziyalıların forumları ənənəvi olaraq Birlik ölkələrinin paytaxtlarında, bu tədbirə ev sahibliyi edən dövlətlərin rəhbərliyinin iştirakı ilə keçirilir.