DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Yanvarın 22-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri cənab Əbdülvahid Musəvi-Larini və onun rəbhərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İranlı həmkarlarını səmimi salamlayan nazir Ramil Usubov müstəqillik qazandıqdan sonrakı dövrdə Azərbaycan polisinin fəaliyyəti və respublikadakı kriminogen durum barədə qonaqlara ətraflı məlumat verdi, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəbhərliyinə qayıdışından sonra bütün sahələrdə, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərdən, əldə olunmuş müsbət nəticələrdən danışdı. Bu baxımdan cinayətlərin ilbəil azalması və açılma faizinin artması, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanın MDB məkanına daxil olan dövlətlər arasında sonuncu yerlərdən birini tutması xüsusilə vurğulandı.
Nazir dedi ki, indi Azərbaycanda ictimai təhlükə törədən, əhalini narahat edən, ölkənin müstəqilliyi və dövlətçiliyi üçün qorxu törədə biləcək silahlı cinayətkar dəstələr yoxdur.
Yaranmış sabitliyin təkcə ölkə əhalisinin deyil, həm də xarici vətəndaşların və iş adamlarının mənafelərinə xidmət etdiyini vurğulayan nazir Ramil Usubov bu işdə İran İslam Respublikası ilə əməkdaşlığın da əhəmiyyəti olduğunu bildirdi. 1996-cı ilin avqustunda İranın daxili işlər nazirliyində keçirdiyi görüşləri məmnunluqla xatırlayan nazirin fikrincə, iki ölkənin müvafiq orqanları arasında daha səmərəli əməkdaşlıq üçün imkanlar var və xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa və cinayətkarlığın digər növlərinə qarşı mübarizədə bundan hərtərəfli istifadə olunmalıdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən cənab Əbdülvahid Musəvi-Lari Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasını yüksək qiymətləndirdi, polisin fəaliyyətindəki uğurlardan məmnun qaldığını, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı. Cənab Əbdülvahid Musəvi-Lari nazir Ramil Usubovu İrana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
Görüşdə səfər proqramında nəzərdə tutulmuş digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai və digər rəsmi şəxslər iştirak edirdilər.