Daxili tənhalıqla poetik təfəkkürün vəhdəti – “Xurşidbanu Natəvanın portreti”
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 30 iyun, AZƏRTAC
Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin 1944-cü ildə yaratdığı “Xurşidbanu Natəvanın portreti” lirik-psixoloji səciyyəsi ilə seçilir. Əsərdə Natəvan daha çox düşüncəli, zərif, bir qədər də nisgilli qadın obrazı kimi təqdim olunub. Burada rəssamın əsas diqqəti zahiri təntənədən çox daxili ovqatın ifadəsinə yönəlib. Əsərdə Natəvan əyləşmiş vəziyyətdə təsvir edilib. Onun başını əlinə söykəməsi obrazın düşüncə halını gücləndirir. Bu jest təsadüfi deyil. O, şairənin daxili aləminə, poetik təfəkkürünə, bəlkə də şəxsi taleyindəki kədərli məqamlara işarə edir. Natəvanın baxışı sakit və bir qədər uzağa yönəlmiş kimidir. Bu baxışda həm təmkin, həm də qəlb ağrısı duyulur.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.
Əsər barədə ətraflı məlumat verən Aslan Xəlilov deyib: “Kompozisiyada interyer detalları mühüm yer tutur. Arxa planda pəncərə, məkanın daxili quruluşu, masa və əşya elementləri obrazın yaşadığı mühiti müəyyənləşdirir. Lakin bu detallar sadəcə fon deyil, onlar Natəvanın dünyasını tamamlayan bədii vasitələrdir. Pəncərədən gələn işıq daxili məkanla xarici aləm arasında incə əlaqə yaradır. Bu əlaqə şairənin həm ictimai-mədəni mühitə bağlılığını, həm də daxili tənhalığını xatırladır. Əsərin rəng həlli yumşaq və lirikdir. Açıq baş örtüyü, mavi örtük, sarımtıl libas və tünd ətək arasında yaradılmış rəng münasibətləri obrazın zərifliyini artırır. Burada rənglər kəskin qarşıdurma yaratmır; əksinə, sakit və ahəngdar ovqat formalaşdırır. Mavi rəng Natəvanın mənəvi saflığını və poetik təbiətini, açıq tonlar isə onun nəcibliyini vurğulayır. Əsərdə Natəvanın əlindəki kitab və ya yazı ilə bağlılıq hissi onun şairə olduğunu xatırladır. Lakin bu əlamət birbaşa nümayişkaranə deyil. Rəssam Natəvanın ədəbi şəxsiyyətini simvolik səviyyədə təqdim edir. Onun obrazı daha çox düşünən, duyan, iç dünyası zəngin olan qadın kimi açılır”.
Müxbir – Fidan Əlizadə