DƏMİR YOLU İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Dəmiryolçular əvvəlcə Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçək dəstələri düzmüşlər. Sonra onlar Şəhidlər Xiyabanına getmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş Vətən oğullarının ölməz ruhu qarşısında baş əymiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Mərasim Azərbaycan Dovlət Dəmir Yolunun iclas salonunda davam etmişdir. Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Arif Əsgərovun giriş sözündən sonra qocaman dəmiryolçu, Prezident təqaüdçüsü Tofiq Əhmədov, Gəncə lokomotiv deposunun maşınisti Əli Həsənov, Bakı-Sabunçu dəmir yolu distansiyasının yol ustası Əlisalam Dadaşov, Biləcəri vaqon deposunun texniki xidmət məntəqəsinin rəisi Hacı Məmmədov, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, nəqliyyat nazi Ziya Məmmədov çıxış edərək ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlardan söz açmışlar. Natiqlər ölkəmizin Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmasının əhəmiyyətini, bu nəqliyyat dəhlizində Astara (Azərbaycan)–Astara (İran) dəmir yolu xəttinin çəkilişi və körpünün inşasını, Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu infrastrukturunun inkişafını xüsusi vurğulamışlar. Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Qars (Türkiyə)–Axalkalaki (Gürcüstan) dəmir yolu layihəsinin reallaşmasının ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsində rolu diqqətə çatdırılmışdır. Çıxışlarda həmçinin cari ilin doqquz ayında qazanılan uğurlar, dəmiryolu vasitəsilə həyata keçirilən yük dövriyyəsinin ildən-ilə artması, bu nəqliyyat növü ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin tam təmin olunması üçün görülən tədbirlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verilmişdir. Natiqlər bu fərəhli gün ərəfəsində dəmir yolunun inkişafındakı xidmətlərinə görə bir qrup dəmiryolçunu ali dövlət mükafatları ilə təltif etdiyi üçün ölkəmizin Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
Sadalanan nailiyyətlərdə dəmir yolunun bütün təsərrüfatlarında çalışan dəmiryolçuların hər birinin böyük əməyinin olması qeyd edilmişdir.
Ziya Məmmədov dəmiryolçuları peşə bayramı münasibətiilə təbrik etmiş, ölkə Prezidentinin Sərəncamı ilə təltif olunanlara gül dəstələri təqdim etmişdir.