DƏMİRYOLÇULAR ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNİ YAD ETMİŞLƏR
Dövlət Dəmir Yolu İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Sərnişin Stansiyasında 20 Yanvar faciəsinin 14-cü il dönümü ilə əlaqədar matəm mərasimi keçirilmişdir. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, 1988-ci ildən sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, o vaxt ölkəmizə rəhbərlik edən şəxslərin yarıtmaz siyasətlərindən, sovet qoşunlarının Bakıda və respublikamızın digər rayonlarında törətdiyi qanlı cinayətlərdən danışılmışdır.
20 Yanvar faciəsi zamanı şəhid olmuş 14 dəmiryolçunun ailəsinə maddi yardım göstərilmişdir.
Dəmiryolçular Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman övladların məzarlarına tər qərənfillər düzmüşlər.