“Dəniz Mall”a gələnlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də “Dəniz Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən “İlkin tibbi yardım” mövzusunda təlim təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilk tibbi yardım üsulları göstərilib. Eyni zamanda, bədbəxt hadisələr zamanı zərərçəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üzərində nümayiş etdirilib. Kampaniya çərçivəsində arzu edənlərin qan təzyiqi və qanda oksigen miqdarı (saturasiya) ölçülüb.
Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.
Daha sonra 1 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk yardımı öyrən, həyat xilas et!” fləşmobu keçirilib.
Qeyd edək ki, maarifləndirici tədbir sabah da “Dəniz Mall” Ticarət Mərkəzində keçiriləcək. Həmçinin gələcəkdə paytaxtın digər məkanlarında da təşkil olunması nəzərdə tutulur.