DƏNİZ NEFTÇİLƏRİNİN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI ÜÇÜN ARDICIL TƏDBİRLƏR GÖRÜLÜR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, "28 May" Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) Xəzər dənizindəki çox böyük perspektivləri olan "Günəşli" yatağında çalışan neftçiləri fədakarlıqla işləyərək, ilin ötən 9 ayında neft və qaz hasilatı, təhvili üzrə bütün proqnozlara artıqlaması ilə əməl etmışlər. Qış mövsümü ərəfəsində dəniz neftçilərinin sosial problemlərinin həlli istiqamətində də xeyli iş görülmüşdür. Dərin Dəniz Özüllərində (DDÖ) avadanlıqlar təmir olunmuşdur və onların saz halda saxlanılmasına daim nəzarət edilir. 3 saylı DDÖ-də yaşayış bloku əsaslı təmir olunmuş, lazımi məişət avadanlıqları ilə təmin edilmiş, yeməkxana müasir standartlara uyğunlaşdırılmışdır. Sanitar qovşaqlar müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub istifadəyə verilmişdir. 4 saylı DDÖ-də də təmir işləri davam edir. NQÇİ-nin mühəndis texniki işçilərinin xidməti mənzillərində, istilik xətlərində, qazanxanalarda təmir işləri görülmüşdür. Neftçilərə və onların ailə üzvlərinə də qayğı göstərilir. Valideynləri "28 May" NQÇİ-də işləmiş və vəfat etmiş uşaqlar idarənin himayəsinə götürülmüşdür. Çilov adasında boşalan xidməti evlər yenidən təmir olunub NQÇİ-nin işçilərinə verilmişdir. Adada xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilmişdir. Pirallahı adasında yerləşən vertolyot meydançası, inzibati bina təmir edilmiş, müasir tələblərə cavab verən avadanlıqla təmin olunaraq neftçilərin istifadəsinə verilmişdir. NQÇİ-nin işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə inşa edilmiş 54 mənzilli yaşayış binasının tikintisi başa çatmış, Çilov adasında neftçilər üçün müasir standartlara cavab verən yeni yataqxana tikilmişdir.