Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ)
AZƏRTAC-a bildirmişlər ki, “28 May” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) Xəzər dənizindəki çox böyük perspektivləri olan “Günəşli” yatağında çalışan neftçiləri fədakarlıqla işləyərək, ilin ötən 9 ayında neft və qaz hasilatı, təhvili üzrə bütün proqnozlara artıqlaması ilə əməl etmişlər. Qış mövsümü ərəfəsində dəniz neftçilərinin sosial problemlərinin həlli istiqamətində də xeyli iş görülmüşdür. Dərin dəniz özüllərində (DDÖ) avadanlıq təmir olunmuşdur və onların saz halda saxlanılmasına daim nəzarət edilir. 3 saylı DDÖ-də yaşayış bloku əsaslı təmir olunmuş, lazımi məişət avadanlığı ilə təmin edilmiş, yeməkxana müasir standartlara uyğunlaşdırılmışdır. Sanitariya qovşaqları müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub istifadəyə verilmişdir. 4 saylı DDÖ-də də təmir işləri davam edir. NQÇİ-nin mühəndis-texniki işçilərinin xidməti mənzillərində, istilik xətlərində, qazanxanalarında təmir işləri görülmüşdür.
Neftçilərin ailə üzvlərinə də qayğı göstərilir. Valideynləri “28 May” NQÇİ-də işləmiş və vəfat etmiş uşaqlar idarənin himayəsinə götürülmüşdür. Çilov adasında boşalan xidməti evlər yenidən təmir olunub NQÇİ-nin işçilərinə verilmişdir. Adada xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi gücləndirilmişdir. Pirallahı adasında yerləşən vertolyot meydançası, inzibati bina təmir edilmiş, müasir tələblərə cavab verən avadanlıqla təmin olunaraq neftçilərin istifadəsinə verilmişdir. NQÇİ-nin işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə inşa edilmiş 54 mənzilli yaşayış binasının tikintisi başa çatmış, Çilov adasında neftçilər üçün müasir standartlara cavab verən yeni yataqxana tikilmişdir.