SİYASƏT
Deputat: Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə daxil olur
Bakı, 13 fevral, AZƏRTAC
Bu gün Azərbaycan ilə İtaliya arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Biz bu əlaqələrin davamlı olaraq inkişaf etdiyini görürük. Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirdi. İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektivliyini qorudu. Ötən il sentyabrın 1-2-də Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər etdi. Burada bir çox məsələlər ətrafında müzakirələr aparıldı və müəyyən addımlar atıldı. Bundan başqa, 2020-ci il İtaliyada “Azərbaycan İli” elan olundu. O cümlədən ölkəmizin nüfuzunun güclənməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır. Azərbaycan-İtaliya münasibətlərində ən vacib məsələlərdən biri də Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasıdır. Bu gün Azərbaycan ilə İtaliya arasında bu istiqamətdə fəaliyyətlər davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
Deputat bildirib ki, Azərbaycanla İtaliya arasında qaz, neft və enerji sahələrində əməkdaşlıq sürətlə inkişaf edir. Bu gün İtaliya şirkətləri ölkəmizin işğaldan azad olunmuş ərazilərində yaşıl kimya, yaşıl enerji və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan getdikcə Avropanın enerji təhlükəsizliyində mühüm rolunu daha da artırır.
C.Məmmədov qeyd edib ki, Mingəçevir şəhəri Azərbaycanla bütün Qafqazın enerji mərkəzi kimi öz rolunu təmin edib. Burada 1300 meqavat gücündə olan stansiyanın potensialı daha da güclənəcək. Beləliklə, Azərbaycan daxili imkanlarından tam istifadə edərək həm də enerji ixrac edəcək.
“Ötən il Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyət daşıyır. Bu sənədə əsasən, Azərbaycan Avropaya qaz ixracını artıracaq. Təbii ki, bu artım da ölkəmizdən İtaliyayadək uzanan TAP kəməri vasitəsilə təmin olunacaq. Burada isə Azərbaycan-İtaliya əməkdaşlığının əhəmiyyəti daha da artır. Bu, onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanla İtaliya arasında əlaqələr bundan sonra daha da sürətlə inkişaf edəcək. Bu əlaqələr bütövlükdə yeni mərhələyə daxil olur”, - deyə Ceyhun Məmmədov fikirlərini yekunlaşdırıb.