Deputat: Azərbaycanda karbonsuzlaşma ilə əlaqədar qanunvericilik sahəsində işlər aparılır
Bakı, 20 may, AZƏRTAC
Azərbaycanda karbonsuzlaşma ilə əlaqədar qanunvericilik sahəsində işlər aparılır. Dünya praktikası öyrənilir və qanunlarda müvafiq düzəlişlər edilir.
Bu sözləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər-sənaye-iqlim: Qarşılıqlı əlaqədə mənzil və binaların karbonsuzlaşdırılması” mövzusundakı sessiyada AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə əlavələr edilib və qanunda binanın tikintisinin dizayn mərhələsində enerji effektliliyinin nəzərə alınması öz əksini tapıb.
“Enerji effektivliyi ilə əlaqədar binalara pasport verilməsi də qanunla müəyyən edilib. Bununla yanaşı, Enerji Effektivliyi Fondu yaradılıb. Azərbaycanda bu fond vasitəsilə bir çox özəl sektora və qeyri hökumət təşkilatlarına, assosiasiyalara və yaxud da ki, fərdi sahibkarlara müvafiq qrantlar, subsidiyalar, kreditlər təklif edilir ki, onlar alternativ və bərpaolunan enerji ilə bağlı öz layihələrini həyata keçirə bilsinlər. Qanunvericilikdə sahibkarlar üçün vergi və gömrük güzəştləri də nəzərdə tutulub. Hər hansı bir özəl sektorun nümayəndəsi dövlət satınalması üzrə öhdəliklər həyata keçirirsə, alternativ və bərpaolunan enerji istehsalı ilə əlaqədar layihələr həyata keçirirsə, onlar əmlak və torpaq vergisindən 30 il müddətinə azad olunur. Bu addım investisiya mühitinin yaxşılaşdırmağa hədəflənib. Hazırda azad olunan Qarabağda evlərin və inzibati binaların üzərində 100 minə yaxın Günəş paneli quraşdırılıb və onlar alternativ enerji ilə təmin olunurlar. Ümumiyyətlə Qarabağın bərpası istiqamətində aparılan işlərdə yeni texnologiyalar geniş istifadə edilir”, - deyə P.Vəliyeva qeyd edib.